Fəxrəddin  VEYSƏLLİ

Filologiya elmləri doktoru, professor

   
   
   
   
   
   
Baş səhifə
   
Haqqında
Kitablar
Məqalələr
Şəkillər
Video
“Azərbaycanda xarici dillər” jurnalı
Hesabatlar
Arxiv
Əlaqə
   
   
   
   
   
26.12.2012

Dərsliklərimizin dili bərbaddır

Fəxrəddin Veysəlli: «Reklam, film və ədəbi əsərlərin tərcüməsində özbaşınalıq hökm sürür»

Dilin inkişafına təsir edən amillərdən biri də dövlət qayğısının olmasıdır

Tarixin müxtəlif dönəmlərində ayrı-ayrı imperyaların tərkibində yaşasaq da, dilimiz xalqımızın varlığını qoruyub saxlayıb. Xalqımız isə dilimizi bugünədək yaşadıb. Amma bu gün Azərbaycan müstəqil dövlət, dilimiz dövlət dili olsa da, ciddi nöqsanlar qalmaqdadır. Ölkə mətbuatının, dərsliklərin, qanunların dilində ciddi problemlər mövcuddur. Bu məsələlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru Fəxrəddin Veysəlli ilə söhbətimizdə aydınlıq gətirməyə çalışdıq.
- Fəxrəddin müəllim, müstəqillik əldə etdikdən sonrakı illərə nəzər saldıqda Azərbaycan dilinin inkişaf etdiyini deyə bilərikmi?
- Hazırda ölkədə bütün sahələrdə Azərbaycan dili qəbul olunur və işlədilir. Dilimizin işlənmə sferası müstəqillikdən sonra xeyli genişlənib. Dilin inkişafına təsir edən amillərdən biri də dövlət qayğısının olmasıdır. Azərbaycan dilinin inkişafı üçün də dövlət qayğası var. Dövlət tərəfindən vaxtaşırı xüsusi qərarlar qəbul edilir, sərəncamlar verilir. Bu ilin mayında iki mühüm prezident sərəncamı olub. Bunlardan biri «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın hazırlanması ilə bağlı, digəri isə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı qərar olub. Bu sərəncamların hər ikisində dilçiliyin inkişafı ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib. AMEA-ya verilən tapşırığa uyğun olaraq 4 ay müddətində 6 qrup Dövlət Proqramının işlənməsi ilə məşğul oldu. Həmin qrup Dövlət Proqramının ayrı-ayrı maddələrini millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, alimlər, KİV rəhbərləri və ictimayyət nümayəndələri ilə birlikdə müzakirə etdi. Hazırda həmin sənəd Nazırlər Kabinetində baxılır. Ümid edirik ki, yaxın vaxtlarda həmin Dövlət Proqramı təsdiqlənəcək və müvafiq işlərə başlanılacaq.

- Yeni sənəddə dilimizin inkişafı üçün hansı fərqli addımların atılması nəzərdə tutulur?
- Dilin inkişafı üçün tələb olunan tədbirlərə bir qədər geniş yanaşılıb. Burada məktəbəqədər təhsildən başlamış, elm-təhsil ocaqlarınadək dilin inkişafı üçün tələb olunan tədbirlər əhatə olunub. Həmçinin, elektron və çap mətbuatında, televiziyalarda, dövlət müəssisələrində, xarici ölkə nümayəndəliklərində, reklamlarda Azərbaycan dilinin işlənməsi məsələri əksini tapıb. İnternet məkanında dilimizin işlənməsi, xarici vətəndaşların Azərbaycan dilini öyrənməsi üçün müvafiq dərsliklərin hazırlanması məsələsi də əhatə olunub. Həmçinin nəzərdə tutulur ki, dilinmizin işlənməsi ilə bağlı bu məsələlərə ciddi nəzarət olunsun. Bu məqsədlə Nəsimi adına Dilçilik İnstitutunda «Azərbaycan dili və cəmiyyət» adlı monitorinq qurupu yaradılacaq. Həmin monitorinq qrupu vaxtaşırı olaraq yoxlamalar aparacaq.

- Son dövlər qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı xeyli iş görülür. Amma qanunların dili ürəkaçan deyil.
- Respublikamızda qanunların dili, həqiqətən də, bərbad haldadır. Amma bu dilimizlə bağlı deyil. Kim deyirsə, Azərbaycan dili qunun yaradıcılığına imkan vermir, böyük səhv edir. Adi bir misal deyim, hüquq mühafizə orqanları əməkdaşlarının dilində tez-tez «tərəfimizdən» sözünə rast gəlirik. Bu rus dilindən gəlmə, amma dilimizdə ağırlıq yaradan ifadədir. «Tərəfizdən ölçü götürdük» əvəzinə «Biz ölçü götürdük» deyə bilərik və bu daha gözəl səslənir. Demək, Azərbaycan dilinin imkanları çox genişdir. Sadəcə bəzi ifadələr, sözlər, zorla dilimizə gətirilir. Çünki həmin şəxslər rus dilində düşünür və sonra onu Azərbaycan dilinə tərcümə edib işlədirlər. Həmin şəxslərin Azərbaycan dilini mükəmməl bilməsi vacibdir, bunun üçün də mütailə lazımdır. Buna qarşı cəmiyyət təpki göstərməlidir.

- Xarici vətəndaşların Azərbaycan dilini öyrənməsi üçün nə kimi tədbirlər görüləcək?
- Azərbaycan dilinin inkişafı, işlənməsi üçün cəmiyyətin də üzərinə böyük məsuliyyət düşür. Kimliyindən asılı olmayaraq hər kəs başa düşməlidir ki, biz müstəqil dövlətik və öz dilimiz var. Əgər hən hansı vətəndaş bu təlabatı başa düşməsə, heç kəs könüllü şəkildə bunu etməyəcək. Biz indiyədək tolerantlıq göstərmişik. Bir nəfərin xatirinə hamı rus dilində danışıb. Amma indi elə etməliyik ki, həmin qonaqlar ümumi cəmiyyətin işlətdiyi dildə danışsın. Çünki dilin sahibi xalqdır. Xalq istəsə, gələn insanları məcbur edəcək ki, Azərbaycanda Azərbaycan dilində danışsın. Amma xarici vətəndaşların Azərbaycan dilini daha rahat öyrənməsi üçün dərsiklər yazılacaq, yeni vəsaitlər çap olunacaq.

- Terminlərin işlənməsi sahəsində də ciddi problemlər mövcuddur. Hətta, lüğətlərdə bəzi terminlər bir neçə variantda verilir.
- Bu gün dünyada qloballaşma prosesi gedir. Buna görə də dünyanın əksər dilləri bir-biri ilə əlaqəlidir. Hesab edirəm ki, terminlər hansı dildə yaranıbsa, o dildə də işlənməlidir. Amma bu zaman bəzi terminlərin dilimizə uyğunlaşdırılmasına ehtiyac var. Məsələn, internet sözünü biz olduğu kimi işlətməliyik. Çünki bu sözün daha uğurlu variantını tapmayacayıq. Amma dilimizdə «ü» saiti varsa və biz «kompüter» deyə biliriksə, nə üçün rus dili vasitəsilə keçən «kompyuter» variantını işlətməliyik? Təkcə terminlərlə bağlı deyil, dilimizə keçən hər bir sözlə bağlı vahid forma olmalıdır. Həmin sözlər standartlaşdırılmalıdır. Hər bir söz dilimizin qayda-qanunua uyğunlaşdırılıb işlədilməlidir. Buna görə də sözləri yarandığı dildən götürsək daha yaxşı olar.

- Nazirlər Kabineti yanında Terminoloji Komissiya yaradılmalı idi.
- Bəli, həmin komissiya yaradılıb. Komissiyanın sədri Azərbaycan Milli Elmlər Akademiyasının sədri Mahmud Kərimovdur. Mən də həmin komissiyanın üzvüyəm. Həmin komissiya vaxtaşırı ayrı-ayrı elmlər üzrə terminləri müzakirə edəcək, vahid qərar qəbul edəndən sonra bu ictimayyətə açıqlanacaq.

- Orfoqrafiya lüğətinin 5 ildən bir hazırlanması nəzərdə tutulurdu. Amma biz hələ də yeni orfoqrafiya lüğətini görmürük.
- Orfoqrafiya lüğətinin yenidən çap edilməsi ilə bağlı müvafiq iş aparılıb. Amma bu yaxınlarda hazırlanan lüğətin pirat nüsxəsi çap edilib. Lüğətin üz qabığını və ilini dəyişsələr də, içərisi köhnə variant idi. Sonradan böyük təpki oldu və bunun qarşısını ala bildik. Hazırda yeni orfoqrafiya lüğəti üzərində iş davam etdirilir. Nəşriyyatda siqnal nüsxələri çapdan sonra yoxlanılmaq üçün yenidən bizə verilir. Yeni orfoqrafiya lüğəti nəfis qaydada çap olunacaq. Yeni orfoqrafiya lüğətində xeyli yeniliklər də olacaq. Bu dəfə «meyl», «fel» kimi sözlər «meyil», «feil» kimi yazılacaq. Bundan başqa xeyli sözlər də var ki, Azərbaycan dilinə uyğunlaşdırılacaq. Çünki həmin sözlər onsuz da indi yazılacağı şəkildə tələfüz olunur. Bu sözlərin yazılışı zamanı tələffüz variantına üstünlük verilməlidir.

- Tez-tez mətbuat orqanlarının dili ilə bağlı da dilçi alimlərdən tənqidi fikirlər eşidirik.
- Bəli, bu gün bəzi mətbuat orqanlarında çalışanlar özlərini çox ağıllı göstərmək istəyirlər. Bəzi sözlər ingilis, rus dilində necə verilirsə, eyni qaydada da mətbuat orqanlarında yazılır. Amma həmin sözləri bu şəkildə vermək olmaz. Avroviziya sözü yarış ərəfəsində 5-6 şəkildə yazılırdı. Amma həmin sözlərin vahid bir forması müəyyənləşdirilməlidir və hamı bu qaydaya riayət etməlidir. Yaxşı olardı ki, hər bir telekanalda dil üzrə mütəxəsis olsun. Onlar efirdə səsləndiriləcək mətnləri öncədən nəzərdən keçirməlidir.

- Axı burada təkcə mətbuatı ittiham etmək düzgün olmazdı. Əgər həmin sözün necə yazılması açıqlanmırsa, mətbuat nə etməlidir?
- Bu məsələdə dilçilik institutunda yaradılacaq monitorinq qrupu öz sözünü deyəcək. Sözlərin necə yazılması müəyyənləşdiriləcək və açıqlanacaq ki, həmin sözlər bu şəkildə yazılsın. Burada iki variant seçilməlidir. Sözün ya yazı forması, ya da deyiliş variantı əsas götürülməlidir. Əsas problem isə məsələnin elmi cəhətdən əsaslandırılmaması ilə bağlıdır. İlk öncə standartlar müəyyən edilməlidir. Əgər sonradan kim standartdan kənara çıxacaqsa, onlar cəzalandırılmalıdır.

- Dilimizlə bağlı daha bir ağrılı problem tərcümə ilə bağlıdır. İstər xarici filmlərin, istərsə də xarici ədəbiyyatın tərcüməsi bərbad vəziyyətdədir.
- Bu gün istər reklamlar, istər filmlər, istərsə də ədəbi əsərlərin tərcüməsində özbaşınalıq hökm sürür. Burada vahid bir mərkəz yoxdur. Kim necə istəyir, o şəkildə də tərcümə edir. Tərcümə olunan əsərlər yenidən oxunmur. Bəzi kitablarda yüzlərlə səhv var. Bu isə onunla bağlıdır ki, bu iş ya peşəkarlara həvalə edilməyib, ya da ki keçmişdə olunan tərcümələr yenidən olduğu kimi çap edilib.

- Amma dünya ədəbiyyatının tərcümə edilərək, latın qrafikası ilə çapına dövlət vəsait ayırıb.
- Əlbəttə, bu işə dövlət vəsait ayırıb və dövlət vəsaitini havayı xərcləmək olmaz. Bunu təşkil edənlər məsuliyyət daşıyır. Hər sözə, hər cümləyə fikir vermək lazımdır. Bu özbaşınalığı edənlər cəzalandırılmalıdır. Amma yerlərdə məmurlar hələ də özbaşınalıq edir. Bu da ona görədir ki, cəza mühiti yoxdur. Amma hər kəs öz səhvinə görə cəzalanmalıdır. Daha bir problem ondan ibarətdir ki, nəşriyyatlarda korrektor ştatı yoxdur. Çünki nəşriyyatlar ancaq, kağız və çap xərcini alıb kitabı çap edir. Amma onun içərisinin hansı vəziyyətdə olmasına fikir vermir. Bu halda məsuliyyəti kim daşıyır, bilinmir. Nəşriyyat deyir ki, mənim korrektor ştatı saxlamağa imkanım yoxdur. Hesab edirəm ki, bu problem dövlət səviyyəsində həll edilməlidir. Nəşriyyatlara şans vermək lazımdır. Onlar müəyyən müddət üçün vergidən azad edilməlidir. Dövlət əgər kitabın qayğısına qalmaq istəyirsə, bu addımı da atmalıdır.

- Eyni vəziyyət dərsliklərdə də hökm sürür.
- Dərsliklərimizin də dili bərbad haldadır. Kim necə istəyir, elə də kitab çap edir. Mən demirəm ki, ayrıca bir senzura yaradaq. Amma xarici ölkələrin təcrübəsini öyrənib tətbiq etmək lazımdır. Təhsil Nazirliyi yalnız formal cəhətdən dərsliklərə nəzarət edir. Tövsiyyə edir ki, bunlar dərslik kimi istifadə edilə bilər.

- Amma dərs kitabları da dövlət vəsaiti hesabına çap olunub şagirdlərə pulsuz verilir. Şagirdin isə alternativ dərsliklərdən istifadə etmək şansı qalmır.
- Təhsil Nazirliyində ayrı-ayrı bölmələrində oturan şəxslər yalnız kitablara elmi cəhətdən yanaşır. Kitabların dilinə fikir verilmir. Bu səlahiyyət nəşriyyatlara verilməlidir. Nəşriyyatlarda işə götürlən korrektorlar isə çap edilən hər bir kitabın dilinə fikir verməlidir. İndi isə məsələyə formal cəhətdən yanaşılır. Kəmiyyət amili keyfiyyət amilini arxa plana keçirib. Kitab çap edənə lazımdır kitablarının sayı çox olsun ki, elmi ad alsın. Nəşriyyata lazımdır pul qazansın. Amma arada itirən Azərbaycan dili olur. Bəzən deyilir ki, hansısa şəxs il ərzində 500 elmi məqalə yazıb. Belə olan halda o yazılanları heç müəlliflərin özləri oxumurlar. Halbuki ildə 1, uzağı 2 normal elmi məqalə yazmaq olar. Elə alimlər var, cəmi bir məqalə ilə alim ola bilər. Amma elə şəxslər var yüz məqalə də yazsa da, alim ola bilməz.

- Bu gün onların hansı daha çoxdur.
- Düşünürəm ki, alim adını daşıyanların da arasında cəmi 5-10 faiz həqiqi alim var. Qalanları bu adı formal olaraq alıb.

- Rəhbərlik etdiyiniz institutda struktur islahatların aparılacağı bildirilir.
- Dilçilik institutunda struktur islahatları aparılacaq. Bu gün institutda Azərbaycan dili ilə bağlı 5 şöbə var. Amma onları birləşdirib bir Müasir Azərbaycan dili şöbəsində əhatə etmək olar. Bunun əvəzində isə dilin yeni problemləri ilə məşğul olan şöbələr yarada bilərik. Ayrıca "Tətbiqi dilçilik" şöbəsinin yaradılması nəzərdə tutulur. Məqsəd dilin tətbiqi məsələlərinin, internet məkanında və cəmiyyətdə işlənməsinin vəziyyətini daha dərindən təhlil etməkdir.

Xalid Vahidoğlu